REGİONLAR


Ağdamda ilin birinci yarısında 51,1 milyon manatlıq ümumi məhsul istehsal olunub

Ağdam, 28 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

İlin birinci yarısında Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 51,1 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 196,3 min manat və ya 0,4 faiz çoxdur. Bu dövrdə 4,2 milyon manatlıq sənaye, 35,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 2,5 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar Ağdam rayonunun Quzanlı qəsəbəsində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib.

Yığıncaqda ilin altı ayının yekunları təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Mahrızlı kənd tam orta məktəbi və Döyüş Şöhrəti Muzeyi, Səfərli kənd körpələr evi - uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. İmamqulubəyli kənd uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılıb. Rayonunun cəbhəyanı kəndlərində 17 ədəd polis məntəqəsi inşa edilib. Hazırda Quzanlı qəsəbəsində Muğam Mərkəzinin, xalçaçiliq müəssisəsinin, 360 şagird yerlik tam orta məktəbin və Bənövşələr kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Uzunluğu 25,3 kilometr olan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu yenidən qurulur. Prezident İlham Əliyevin “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 20 məcburi köçkün ailəsi üçün evlər tikilir.

Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, ilin birinci yarısında 3724 hektar tərəvəz, 348 hektar kartof, 1067 hektar təzə yonca, 1002 hektar şəkər çuğunduru, 3005 hektar pambıq əkilib. 9970 hektar taxıl sahəsindən 36 min 196 ton məhsul tədarük olunub. Rayonun kümçüləri 300 qutu ipəkqurdu bəsləyib, 13 min 205 kiloqram barama istehsal ediblər. Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 1060 baş heyvan süni yolla mayalandırılıb, 395 baş sağlam bala alınıb.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, təhsil, mədəniyyət, səhiyyə və sair sahələrdə görülən işlərdən də ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.