REGİONLAR


Ağdamda qazılan yeni subartezian quyuları 735 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək

A+ A

Ağdam, 5 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 

Ərazisinin 77,4 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Ağdam rayonunun təbii su mənbələri işğal altında qalıb. Rayonun 10 min hektar əkin sahəsi mənbəyini Sərsəng su anbarından götürən kanallar vasitəsilə suvarılırdı. Su anbarının işğal altında olması da əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Buna baxmayaraq, rayonun işğal altında olmayan ərazilərindəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir.

Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-a bildirib ki, rayonun 35,3 min hektar əkin sahəsi 816 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 365 kilometr suvarma kanalı, 46,6 kilometr kollektor-drenaj şəbəkəsi vasitəsilə suvarılır. Rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə son 5 ildə 105 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.

2016-cı ildə rayon ərazisində 21 ədəd, o cümlədən Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 18 ədəd yeni subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 735 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Dövlətimizin başçısının “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən, cari ildə rayonun 15 yaşayış məntəqəsində 30 subartezian quyusu qazılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.