REGİONLAR


Ağdamda ümumi məhsul istehsalının həcmi 8,6 faiz artıb

Ağdam, 20 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu ilin birinci rübündə Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 18,4 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manat və ya 8,6 faiz çoxdur. Bu dövrdə 3,5 milyon manatlıq sənaye, 8,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 935,3 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar Ağdam rayonunun Quzanlı qəsəbəsində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib. Yığıncaqda ilin üç ayının yekunları təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Mahrızlı kənd orta məktəbində, Səfərli və İmamqulubəyli kənd körpələr evi-uşaq bağçalarında aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir. Quzanlı qəsəbəsində Muğam Mərkəzinin, xalçaçılıq müəssisəsinin, 360 şagird yerlik məktəbin tikintisi davam etdirilir. Prezident İlham Əliyevin “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, 20 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanılıb.

Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, ilin birinci rübündə 879 hektarda tərəvəz, 348 hektarda kartof, 393 hektarda təzə yonca, 898 hektarda şəkər çuğunduru əkilib. Pambıq becərilməsi üçün 3005 hektar sahədə şum aparılıb, çiyid səpini başlanılıb. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 499 baş heyvan süni yolla mayalandırılıb, 192 baş sağlam bala alınıb.

Qeyd edilib ki, rayonda boks və taekvando məktəblərinin tikintisinə başlanılıb. 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini əhatə edən 25,3 kilometr uzunluğunda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun əsaslı təmir edilməsi, Heydər Əliyev adına parkın yenidən qurulması, pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi qarşıda duran məsələlərdəndir.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.