CƏMİYYƏT
Ağdamda və Tərtərdə partlamış hərbi sursat qalıqları aşkar olunub
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 5-də Ağdam rayonunun Əfətli, Tərtər rayonunun Həsənqaya kəndlərində iki əkin sahəsinə, 7 partlayış yerinə baxış keçiriblər. Nəticədə partlamış hərbi sursatın qalıqları aşkarlanaraq götürülüb. Yoxlanılan ərazi 12 min kvadratmetr təşkil edib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub.
Nəticədə 3469 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.