İDMAN
Ağdamın “Qarabağ” klubu səfərdə İtaliyanın “Fiorentina” komandası ilə qarşılaşıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İtaliyanın “Fiorentina” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Florensiya şəhərindəki “Artemio Françi” stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Maksim Medvedev, Miçel, Reynaldo, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Ansi Aqoli, Elvin Yunuszadə və Dani Kintana meydana çıxıblar.
“Fiorentina”nın ilk on birliyində isə Çiprian Teteruşanu, Nenad Tomoviç, Sebastya De Mayo, Karlos Sançes, Nikolo Kaliniç, Federiko Bernardeşi, Maksimilano Oliveyra, Kristian Tello, Karlos Salçedo, Sebastyan Krisoforo və Huma Babakar yer alıblar.
Avstriyalı baş hakim Oliver Draxtanın idarə etdiyi oyunun 39-cu dəqiqəsində “Fiorentina”nın futbolçusu Huma Babakar hesabı açıb. Dörd dəqiqə sonra Nikolo Kaliniç ikinci topu “Qarabağ”ın qapısından keçirib. İlk hissəyə əlavə olunmuş vaxtda Huma Babakar dubl edib. Görüşün ilk hissəsi İtaliya təmsilçisinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə də fəal başlayan “Fiorentina” 63-cü dəqiqədə üstünlüyünü möhkəmləndirib. Bu dəfə Mauro Zarate fərqlənib. Görüşün 78-ci dəqiqəsində Mauro Zarate komandasının 5-ci, özünün isə 2-ci qolunu vurub. Görüşün 91-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Dino Ndlovu təsəlli qolunu vurub.
Beləliklə, görüş 5:1 hesabı ilə “Fiorentina”nın xeyrinə başa çatıb.
İlk görüşdə Bakıda Çexiyanın “Slovan” komandasını qəbul edən “Qarabağ” meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Komandamız növbəti oyununu oktyabrın 20-də səfərdə Yunanıstanın PAOK klubuna qarşı keçirəcək.