İDMAN
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası yarışlarında növbəti qələbəsini qazanıb VİDEO
Bakı, 30 iyul (AZƏRTAC, Səxavət Quliyev). İyulun 30-da futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” komandası ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanın “Zaltsburq” komandası ilə qarşılaşıb.
“Qarabağ”ın heyətində meydana İbrahim Sehiç, Qara Qarayev, Maksim Medvedev, Reynaldo, Danilo Diaz, Rişard Almediya, Admir Teli, Ansi Aqolli, Leroy Georq, Bədəvi Hüseynov və Cumbiniyo çıxıb.
“Zaltsburq”un heyətində Peter Qulaçsi, Andre Ramalho, Kristian Şvelger, Marsel Sabizter, Nabi Keyta, Sadio Mane, Andres Ulmer, Kristof Leitgeb, Conatan Soriano, Martin Hinteregger və Kevin Kampl yer alıb.
Ukraynalı baş hakim Serhiy Boikonun idarə etdiyi görüşün 2-ci dəqiqəsində “Qarabağ” futbolçusu Danilo Diaz hesabı açıb.
Görüşün 34-cü dəqiqəsində kobud oyuna görə, “Zaltsburq”un futbolçusu Kristian Şvelger qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Səkkiz dəqiqə sonra qırmızı vərəqə “Qarabağ”ın kapitanı Admir Teliyə göstərilib.
Matçın 77-ci dəqiqəsində Avstriya klubunun futbolçusu Conatan Soriano hesabı bərabərləşdirib. Görüşün 86-cı dəqiqəsində Reynaldo “Qarabağ”ı hesabda önə çıxarıb. Bir dəqiqə sonra kobud oyuna görə, Reynaldo qırmızı vərəqə alıb.
Azlıqda qalmasına baxmayaraq Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Komandalar arasında cavab oyunu bir həftə sonra Avstriyada keçiriləcəkdir.
Turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Qarabağ” öncəki turda Maltanın “Valetta” komandasını yarışdan kənarlaşdırıb.