İDMAN
Ağdamın "Qarabağ" klubu səfərdə Gürcüstanın "Samtredia" komandasına qalib gəlib YENİLƏNİB
Bakı, 18 iyul, AZƏRTAC
“Samtredia”-“Qarabağ” oyunu başa çatıb. Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Bir həftə əvvəl Bakıda təşkil olunan ilk oyun da “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb - 5:0. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
Çempionumuz rəqib meydanında bu qələbəsi ilə Azərbaycanın hesabına daha 0,250 xal əlavə edib.
Azərbaycan çempionu təsnifat mərhələsinin növbəti turunda “Şerif” (Moldova)–“Kukesi”
(Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
21:46
“Qarabağ”-“Samtredia” oyununun ilk hissəsi 1:0 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb. Birinci hissənin sonrakı dəqiqələrinin də komandamızın üstünlüyü ilə keçməsinə baxmayaraq, hesab dəyişməyib.
21:27
"Qarabağ" klubu “Samtredia” ilə oyunda hesabı açıb. Topu 22-ci dəqiqədə meydan sahiblərinin qapısından Donald Qerye keçirib.
21:12
Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində səfərdə Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Anton Kanibolotski, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Donald Qerye, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jejniçak və Bədavi Hüseynov yer alıblar.
Gürcüstan təmsilçisinin ilk on birliyində meydana Omar Migineşvili, Laşa Kasradze, Nika Sandoxadze, Culi Manjqaladze, Davit Razamaşvili, Teymuraz Markozaşvili, Nikolazi Sabandze, Giorgi Mçedlişvili, Bakar Balde, Giorgi Datunaşvili və İnters Qui çıxıblar.
Boris Payçadze adına stadionda keçirilən oyunu Serbiyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Srcan Yovanoviçdir. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edirlər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirir.
Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.