REGİONLAR


Ağdamın işğalının 23-cü ildönümü qeyd olunub VİDEO

A+ A

Ağdam, 23 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və yandırıb.

Çıxışlarda ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılan uğurlardan, aprel ayında Azərbaycan Ordusunun erməni silahlılarının təxribatının qarşısını almasından və əks hücuma keçərək, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etməsindən də söz açılıb. Ağdamlılar Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.

Tədbir Ağdam Dövlət Dram Teatrında erməni silahlıları tərəfindən torpaqlarımızın işğalından bəhs edən kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.