REGİONLAR


Ağdamlılar torpaqlarımızın azadlığı uğrunda silaha sarılmağa hər an hazırdırlar

Ağdam, 23 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür.

AZƏRTAC xəbər verir ki, Ağdamın işğalının 24-cü ildönümü ilə əlaqədar rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında anma mərasimi keçirilib.

Rayon ictimaiyyətinin, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı beş illik savaşda minlərlə şəhid verib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və yandırıblar.

Çıxışlarda son illər ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılan uğurlardan, ötən ilin aprelində ayında Azərbaycan ordusunun erməni silahlılarının təxribatının qarısını almasından və əks-hücuma keçərək strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etməsindən də söz açılıb. Ağdamlılar Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.

Sonra respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsinə ehsan verilib. Ağdam Dövlət Dram Teatrında “Ruhlar şəhərinin sakinləri” və “Ağdam - virtual səyahət” filmləri nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.