CƏMİYYƏT
“Ağdaş şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 10-da Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya şöbəsində “Ağdaş şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe layihə barədə məlumat vermişdir. Bildirmişdir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək layihənin əsas məqsədi məktəbdə yeni sanitar qovşağı tikməklə 1363 nəfər şagird və 275 müəllim üçün gigiyenik şəraiti təkmilləşdirməkdir. Layihənin ümumi məbləği 121,950 ABŞ dolları təşkil edir. Bu, səfirliyin Ağdaş rayonunda ilk layihəsidir.
Qeyd edilmişdir ki, bu layihə Yaponiyanın Azərbaycandakı səfirliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşəbbüsünün nəticəsidir. Layihə çərçivəsində UNICEF məktəbləri gigiyenik təhsillə bağlı məlumat kitabçaları ilə təmin edəcəkdir.
Səfir Şusuke Vatanabe Azərbaycanda peşə təlimləri və uşaq bağçaları ilə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirmişdir.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə çıxışında Yaponiya səfirliyi ilə Azərbaycanın qeyri-hökumət təşkilatının əməkdaşlığını yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq Azərbaycanın inkişafına öz töhfəsini verəcəkdir.
Tədbirdə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihəyə görə Ağdaş rayonunun rəhbərliyi adından səfirə minnətdarlığını bildirmişdir. O, Yaponiya səfirliyinin Ağdaşın uşaq bağçalarında və ucqar kəndlərində də belə layihələr həyata keçirəcəyinə əminliyini bildirmişdir.
“Ağdaş şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsini Yaponiya tərəfindən səfir Şusuke Vatanabe və Azərbaycan tərəfindən “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev imzalamışlar.
Mərasimin sonunda xatirə şəkli çəkdirilmişdir.