REGİONLAR
Ağdaşda 12 min hektar sahədə taxıl biçini aparılıb
Ağdaş, 8 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda taxıl biçini kampaniyası uğurla davam etdirilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul yetişdiriblər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər.
Cari ildə rayonun kəndli fermerləri 12 min 312 hektar sahədə taxıl becəriblər. Bunun 8931 hektarını buğda, 3381 hektarını arpa təşkil edir. Mayın 20-də kəndlərdə taxıl biçininə start verilib və iyulun 8-dək rayonda 12 min hektar sahədən məhsul toplanılıb. Rayonda taxıl sahəsinin hər hektarında orta hesabla məhsuldarlıq 20 sentner olub. Hər gün taxıl biçini üçün sahələrə Ağdaş və ətraf rayonlardan 35 ədəd müxtəlif markalı kombayn və yük maşını cəlb olunur. Biçin kampaniyasının yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.