REGİONLAR


Ağdaşda 3 min hektar sahədə pambıq əkilib

Ağdaş, 15 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunda pambıq əkini başa çatıb.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə kəndlərdə pambıq əkini üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, torpaqdan nümunələr götürülərək keyfiyyəti yoxlanılıb. Bundan sonra 3 min hektar sahədə torpağın şumu çıxarılıb, gübrə verilib, arat işləri və səpinqabağı mala çəkilməsi işləri görülüb. Fermerlər lazımi qədər toxum və gübrə ilə təmin olunublar. Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsi ilə 35 fermer arasında 1000 hektar, “Ucar MKT” ilə 47 ağdaşlı fermer arasında isə 2 min hektar sahədə pambıq əkini üçün müqavilə bağlanılıb. Aprelin 1-dən rayonda pambıq əkini prosesinə start verilib və bu günədək 3 min hektar sahədə çiyid səpilib. Ümumilikdə rayonun 15 kəndində pambıq əkini aparılıb.

Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, ötən il rayonda pambıqçılıq ənənələrinin bərpasına başlanılıb və ilk dəfə 1154 hektar sahədə pambıq əkini aparılıb, 13 min 540 kiloqram məhsul əldə edilib. Dövlətin yardımından bəhrələnən torpaq istifadəçiləri bu il daha çox vəsait qazanmaq üçün ötən ildəkindən 1846 hektar çox sahədə pambıq əkini aparıblar. Bu il əsasən istifadəsiz qalan boş torpaq sahələri əkinə cəlb edilib. Ağdaşda pambıq əkini üçün torpağın şumlanması, çiyidin səpilməsi, sahələrə aqrotexniki qulluq edilməsi, məhsulun yığılması və digər işlərin görülməsi prosesinə, ümumilikdə, 3 minə yaxın yerli sakin cəlb olunur ki, bu da onların məşğulluğunun təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşmasına kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.