REGİONLAR
Ağdaşda “Bilik günü”ndə 4 yeni məktəb binası istifadəyə verilib
Ağdaş, 15 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Bilik günü”ndə Ağdaş rayonunun 4 kəndində müasir məktəb binaları istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, rayonun Tofiqi kəndində 220 şagird, Qulbəndə və Qarağanşıxlar kəndlərində 180 şagird, Ərəbşəki kəndində isə 80 şagird yerlik yeni tədris binaları qapılarını müəllim və şagirdlərin üzünə açıb. Bütün tədris müəssisələrinin sinif otaqlarında, fənn kabineti və laboratoriyalarında, kompyuter mərkəzlərində, idman zallarında yüksək təhsil üçün hər cür şərait yaradılıb.
Təhsil ocaqlarında qazanxana, transformator yarımstansiyası da quraşdırılıb. Binaların ətrafında abadlıq işləri aparılıb, futbol, basketbol, voleybol meydançaları salınıb.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova və rayon təhsil şöbəsinin müdir müavini Hürü Əliyeva pedaqoji kollektivi təbrik edib, ötən 10 ildə rayonda 10 yeni tədris ocağının tikildiyini, 7 məktəb binasının əsaslı təmir olunduğunu vurğulayıblar. Bildirilib ki, 4 yeni məktəbdə daha 880 şagirdin təhsil şəraiti yaxşılaşacaq.
Müəllim və valideynlər dövlətin qayğısından razılıqlarını bildirib, şagirdlər istedadlarını nümayiş etdiriblər.