REGİONLAR


Ağdaşda “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon çempionatı başa çatıb

A+ A

Ağdaş, 23 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu üzrə məktəblilər arasında keçirilən rayon çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyi münasibətilə rayon gənclər və idman idarəsinin təşkil etdiyi yarışda Ağdaşın bütün orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri, eləcə də Ağdaş Dövlət Humanitar Kollecinin, “İstək” liseyinin şagirdləri iştirak ediblər.

Tədbirin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, Heydər Əliyev Mərkəzinin direktoru Tənzilə Şıxıyeva çıxış edərək Prezident İlham Əliyevin gənc nəslə diqqət və qayğısından, respublikada dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıb, tədbirin məqsəd və vəzifələri haqqında məlumat veriblər.

Bildirilib ki, “Xəmsə” Milli İntellektual Oyununun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Sonra yarışlara start verilib. Çempionatda rayon məktəblərini təmsil edən 40 komandanın üzvləri bilik və bacarıqlarını, intellektual səviyyələrini sınayıblar. Hər komandada 5 əsas və 2 ehtiyat oyunçu təmsil olunub. Yarışda şagirdlərə tarix, coğrafiya, ədəbiyyat, riyaziyyat, məntiq və idmana aid suallar təqdim edilib. Yekunda Ləki qəsəbə məktəbinin komandası birinci, Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri ikinci, M.İsayev adına orta məktəbin şagirdləri üçüncü yeri tutub.

Komandalara diplom, kubok və medal təqdim olunub. Qalib komanda “Xəmsə” Milli İntellektual Oyunu üzrə ölkə çempionatının zona mərhələsinə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.