REGİONLAR
Ağdaşda bədii gimnastikanın inkişafı diqqət mərkəzindədir
Ağdaş, 17 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə Ağdaş Olimpiya İdman Kompleksində yaradılan bədii gimnastika bölməsinə müraciət edənlərin sayı xeyli artıb.
Ağdaş rayon Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov AZƏRTAC-a bildirib ki, rayonda yeni bir idman növü sayılan bədii gimnastikanın təbliği üçün geniş işlər görülür. Qısa müddətdə idman kompleksinin gimnast qızlardan ibarət yığma komandası yaradılıb. Pulsuz olaraq keçirilən məşqlərə 4 yaşından yuxarı 40-dan çox uşaq cəlb edilib. Məşqləri Azərbaycan Gimnastika Federasiyası tərəfindən təyin edilən gimnast müəllim Ayşən Dünyamalıyeva həyata keçirir. Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və Azərbaycan Gimnastika Federasiyasının yaxından dəstəyi ilə açılan bədii gimnastika bölməsində uşaqların məşq etməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Gələcəkdə rayonda gimnastika ilə məşğul olan uşaqların sayının daha da artırılması nəzərdə tutulur. Bununla bağlı uşaq bağçalarında və orta məktəblərdə azyaşlı uşaqlar və onların valideynləri ilə görüşlər keçirilir.
Azad Gözəlovun sözlərinə görə, son illər rayon gənclərinin ən çox üz tutduğu məkana çevrilən bu idman bazasında olimpiya idman növlərindən güləş, cüdo, taekvondo, üzgüçülük, boks, bədii gimnastika üzrə ödənişsiz, qeyri-olimpiya idman növlərindən futbol, voleybol, basketbol, tennis, bilyard üzrə ödənişli məşqlər keçirilir. Hazırda kompleksdə, ümumilikdə, 1000-ə yaxın yeniyetmə və gənc müntəzəm olaraq idmanın ayrı-ayrı növləri ilə məşğul olur.