REGİONLAR
Ağdaşda çəltik biçinini başa çatdıran kəndlilər keyfiyyətli düyü əldə ediblər
Ağdaş, 27 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda əlverişsiz hava şəraitinə baxmayaraq, çəltik biçini uğurla başa çatdırılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il Ağdaşın 13 kəndində 87 fermer tərəfindən, ümumilikdə, 1310 hektar sahədə çəltik yetişdirib. Rayonun Yenicə, Şordəhnə, Güvəkənd, Binələr, Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Aşağı Ləki, Məşəd, Nemətabad, Hapıtlı kəndlərində əkilən çəltiyin biçini uğurla başa çatdırılıb. Rayon üzrə 2900 ton çəltik toplanılıb. Biçilən çəltik rayondakı düyü dəyirmanlarında emal olunaraq keyfiyyətli düyü əldə edilib.
Bu il Ağdaşda ən çox çəltik Qaradağlı kəndində əkilib. Həmin kənddə fermerlər 155 hektar sahədə çəltik yetişdiriblər. Kəndlilər çəltik sahəsinin hər hektarından orta hesabla 25 sentner məhsul götürüblər. Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan Ağdaş düyüsünü satmaqda heç bir problemlə qarşılaşmırlar. Ağdaş düyüsü hələ bazara çıxarılmamış, elə dəyirmanda kiloqramı 3 manata satılır.
Mütəxəssislərin sözlərinə görə, Ağdaşda son illər çəltikçiliyin inkişaf etdirilməsi həm əhalinin dolanışıq səviyyəsinin yaxşılaşmasına müsbət təsir edir, həm də çəltik əkilən torpaqlarda şoranlaşmanın qarşısı alınır. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən 80 manat maddi yardım alırlar. Düyü istehsalından yaxşı qazanc götürən fermerlər ildən-ilə daha çox sahədə çəltik əkirlər.