REGİONLAR


Ağdaşda çəltik sahələri ötən ilə nisbətən iki dəfə artırılıb

Ağdaş, 20 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaşın kəndli fermerləri çəltik əkinini uğurla davam etdirirlər.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahələrdə toxum səpini işlərinə mayın əvvəlində start verilib və indiyədək Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Nəvətava, Hapıtlı kəndlərində 1500 hektar sahədə çəltik əkini aparılıb. Səpin prosesinin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Ötən il Ağdaşın 15 kəndində 87 fermer tərəfindən ümumilikdə 1250 hektar sahədə çəltik yetişdirilib və 2900 ton məhsul toplanılıb. Biçilən çəltik rayondakı dəyirmanlarda emal olunub və keyfiyyətli düyü əldə edilib.

Cari ildə isə rayonda ötən ildəkindən iki dəfə çox, yəni, 2500 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur. Kəndlilər hər hektardan 60-80 sentner məhsul götürəcəklərinə ümidlidirlər. Çünki ötən həftə səpilən toxumun bitmə vəziyyəti və suyun bolluğu bunu deməyə əsas verir. Bu il rayondakı çəltik sahələrindən təxminən 6 min ton məhsulun yığılması gözlənilir. Kəndlilər məhsul yığımına sentyabrda başlayacaqlar.

Ağdaşda çəltik yetişdirmək kəndlilərin dolanışıq şəraitinə müsbət təsir edir. Ona görə də rayonda bu məhsulun istehsalına maraq ildən-ilə artır. Çəltik sahələrinin ötən illə müqayisədə bu il iki dəfə genişləndirilməsi buna əyani sübutdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.