REGİONLAR
Ağdaşda çəltik sahələrindən bol məhsul götürülür
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il Ağdaşın 13 kəndində 85 fermer ümumilikdə 495 hektar sahədə çəltik yetişdirib.
Yenicə, Şordəhnə, Güvəkənd, Binələr, Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Aşağı Ləki, Məşəd, Nemətabad, Hapıtlı kəndlərində toplanan çəltik rayondakı 8 düyü dəyirmanında emal olunur. Bu günədək 280 hektar sahədən 940 ton məhsul yığılıb.
Bu il rayon üzrə ən çox çəltik Qaradağlı kəndində əkilib. Burada fermerlər 130 hektar çəltik sahəsinin hər hektarından 35 sentner məhsul götürüblər. Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan Ağdaş düyüsünü satmaqda heç bir problemlə qarşılaşmırlar. Bu düyü hələ bazara çıxarılmamış, elə dəyirmandaca kiloqramı bir manatdan satılır.
Mütəxəssislərin sözlərinə görə, Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsinin başqa bir səmərəsi də vardır. Belə ki, çəltik əkilib-becərilən torpaqlarda şoranlaşmanın qarşısı alınır. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən 80 manat yardım alırlar.