REGİONLAR
Ağdaşda heyva yığımına start verilib
Ağdaş, 1 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda heyvaçılığın inkişafı və məhsul istehsalının ildən-ilə artırılması daim diqqət mərkəzindədir. Heyvaçılıq rayonu kimi tanınan Ağdaşın əvvəlki şöhrətinin geri qaytarılması üçün mühüm işlər görülür.
AZƏRTAC xəbər verir ki, kəndli fermerlər və fərdi təsərrüfat sahibləri heyva bağlarını ildən-ilə genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul istehsal etməyə nail olurlar. Rayonda mövcud olan 1395 hektar meyvə bağının 328 hektarını heyva bağı təşkil edir. Bağbanlar ötən il 8, bu il isə 10 hektar sahədə yeni heyva bağı salıblar.
Heyvaçılıq rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi hesab edilir. Kəndlilər heyvanın 15 sortunu (“Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və s.) yetişdirirlər. Heyva ağacının yarpağından, çiçəyindən, meyvəsindən və çəyirdəyindən 10-a yaxın xəstəliyin müalicəsində istifadə edilir. Bu il rayonda havanın əlverişli olması və ağaclara lazımi aqrotexniki qulluğun edilməsi nəticəsində bol və saf məhsul əldə edilib.
Kəndlilər bu günlərdə məhsul tədarükünə başlayıblar. Ötən il bağlardan 2180 ton heyva yığılıb ki, bu da əvvəlki ildəkindən 2 ton çoxdur. Bu il isə bağlardan 2300 tona yaxın məhsulun yığılması gözlənilir. Bağbanlar hər hektardan orta hesabla 60-70 ton məhsul toplayacaqlarına ümid edirlər. Kəndlilər məhsulu öz həyətlərində müştərilərə satırlar. Ağdaş heyvası yerli bazarlarda satılmaqla yanaşı, xarici bazarlara da çıxarılır.