CƏMİYYƏT
Ağdaşda keçirilən seminarda dini radikalizmlə mübarizənin yolları barədə müzakirələr aparılıb
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaşda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, seminar-treninqdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Novruzova ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, həyata keçirilən maarifləndirmə fəaliyyəti barədə danışıb, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini fanatizmdən danışaraq deyib ki, din savadsız və fanatik insanların əlində alətə çevrilir. Özünü dindar hesab edən hər bir şəxs mütləq bu meyillərdən uzaq olmalı, İslamı buyurulduğu kimi araşdırmalıdır. Dini inanc sistemi əxlaqi və mənəvi dəyərlər çərçivəsindən çıxıb siyasi ideologiyaya çevriləndə və geniş kütlə tərəfindən dəstəklənən siyasi bir təşkilatlanma şəklində təzahür edəndə dini radikalizm ilə qarşı-qarşıya olduğumuzu bilməliyik. Dinin ilkin hədəfi və məqsədi insanların ruhi saflığı, mənəvi tərbiyə vasitəsi olduğuna görə onu siyasətə alət etməyə yol vermək olmaz.
Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov malik olduğumuz milli-mənəvi dəyərlərimizin təbliğini genişləndirməklə İslam dininə zidd olan radikal düşüncələrə qarşı mübarizəyə daha çox töhfə verməyin mümkün olduğunu bildirib.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.