REGİONLAR


Ağdaşda kitabxana işçiləri üçün regional treninq-seminara start verilib

Ağdaş, 11 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Mirzə Fətəli Axundov adına Milli Kitabxana və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən Ağdaş rayonunda kitabxana işçiləri üçün təşkil edilən regional seminar-treninqə start verilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş Regional İdarəsinin əhatə etdiyi Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarından olan kitabxanaçıların iştirak etdikləri maariflənmə tədbiri 5 gün davam edəcək.

“Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda keçirilən treninq-seminarın açılış mərasimində çıxış edən Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov maarifləndirmə tədbirinin əhəmiyyətindən danışaraq mərkəzləşdirilmiş kitabxanaların, onların filiallarının multimedia, informasiya resursu, avtomatlaşdırma şöbələrinin əməkdaşlarını treninq-seminarda fəal olmağa çağırıb.

O, Milli Kitabxananın “Mütaliə mədəniyyəti, kitabla rəftar və kitabxanadan istifadə qaydalarına dair metodik tövsiyələr”, ”Oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi”, “Açıq kitabxananın fəaliyyətinin əsas istiqamətləri”, “İslam həmrəyliyi ili və kitabxanalar” mövzusunda hazırladığı metodiki vəsaitləri iştirakçılara təqdim edib.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov bildirib ki, son 7 ildə təşkil edilən səyyar seminarlarda 1700 kitabxanaçı iştirak edib. Hər bir kitabxana işçisi fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmalı, informasiya texnologiyalarına dərindən yiyələnməli, dəqiqlik və operativliyi təmin etməklə, sorğuları cavablandırmaqla oxucu məmnunluğuna nail olmalıdır. Kitabxanaçı həm də milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq ideologiyasının ən fəal təbliğatçısı olmaqla dövlətçiliyimizin inkişafına töhfə verməlidir.

Seminarda 4 rayondan 65 kitabxanaçı dinləyici kimi iştirak edir. Onlar “ALİSA avtomatlaşdırılmış kitabxana informasiya sistemi”, “İnformasiya texnologiyalarının kitabxanalarda tətbiqi və Milli Kitabxananın innovativ onlayn xidmətləri”, “MARK-21 formatı”, və “Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu” mövzularında məruzələr dinləyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.