REGİONLAR
Ağdaşda muğam ifaçısı Ramiz Hacıyevin 80 illik yubileyi qeyd olunub
Ağdaş, 19 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda görkəmli muğam ifaçısı Ramiz Hacıyevin 80 illik yubileyi qeyd edilib. Habil Əliyev adına Ağdaş şəhər Musiqi Məktəbində təşkil olunan tədbirdə tanınmış musiqi xadimləri, rayon ziyalıları, icra hakimiyyətinin nümayəndələri, musiqi məktəbinin kollektivi və təhsil işçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ramiz Hacıyevin ifasında “Ay çiçək” mahnısının videoyazısı təqdim olunub. Sonra Ramiz Hacıyevin həyat və yaradıcılığına həsr olunan videoçarx təqdim edilib.
Mərasimdə çıxış edənlər Ramiz Hacıyevin həyat və yaradıcılığı barədə fikirlərini bölüşüblər. Bildirilib ki, görkəmli muğam ifaçısının Azərbaycan mədəniyyətinin, muğamının inkişafında böyük xidmətləri olub. O, həm də istedadlı kaman ifaçısı idi. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Ramiz Hacıyevin ifa etdiyi 30-dan çox xalq mahnısı və muğam hazırda qızıl fondda saxlanılır. O, Bakı Musiqi Akademiyasının müəllimi olub və bir müddət orada dərs deyib.
Tədbirdə Habil Əliyev adına Ağdaş rayon Musiqi Məktəbinin şagirdlərinin və gənc muğam ifaçılarının çıxışları olub. Tanınmış kaman ustası Munis Şərifovun rəhbərliyi ilə qədim musiqi alətləri ansamblı öz musiqilərini təqdim ediblər. Ramiz Hacıyevin qardaşı Minnət Hacıyev də yaradıcılıq gecəsində ifası ilə tədbirə xüsusi rəng qatıb.