REGİONLAR
Ağdaşda ordudan tərxis olunan gənclərə hərbi biletlər və hədiyyələr verilib
Ağdaş, 20 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş şöbəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, rayon gəncləri Vətən qarşısındakı hərbi borclarını şərəflə yerinə yetirir, tərxis olunduqdan sonra rayonun sosial-iqtisadi inkişafında fəal mövqe tuturlar. Qeyd edilib ki, bu gün ordumuz qarşıya qoyulan vəzifələri icra etmək üçün bütün imkanlara malikdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasəti xalq tərəfindən dəstəklənir və müdafiə olunur. Bu gün Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır və ötən ilin aprel döyüşləri də bunu göstərdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş şöbəsinin rəisi Sadiq İsmayılov hərbi xidmətdən tərxis olunmuş bir qrup gəncə hərbi biletləri təqdim edərək onlara hədiyyələr verib.