REGİONLAR
Ağdaşda pambıq əkini sahələri 38 dəfə artırılaraq 1154 hektara çatdırılıb
Ağdaş, 14 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının, konkret olaraq pambıqçılığın inkişafı, istifadəsiz torpaqların əkin dövriyyəsinə daxil edilməsi ilə bağlı tapşırıqlarının icrası istiqamətində Ağdaş rayonunda da mühüm işlər görülür.
Ağdaş Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, pambığın alış qiymətinin artırılması ağdaşlı fermerlərin bu sahəyə marağını da artırıb. Rayonda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə uzun illər istifadəsiz qalan bələdiyyə torpaqları fermerlərə icarəyə verilib. Pambıq əkini üçün 1154 hektar torpaq sahəsi ayrılıb ki, bu da əvvəlki ildəkindən 1124 hektar, yəni 38 dəfə çoxdur. Ərazidə şum çıxarılıb və arat işləri aparılıb.
Rayon sakinlərinin müvafiq təcrübəsi və peşəkarlığı, eləcə də pambıq emalı zavodlarının mövcudluğu bu sahənin inkişafına imkan yaradır. Sahibkarlarla pambıq zavodlar arasında müqavilə bağlanılıb. Əkin aparılması üçün fermerlərin istifadəsinə kifayət qədər texnika verilib. İndiyədək 980 hektar sahəyə çiyid səpilib. Səpin işlərinin bir həftəyə başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən il Ağdaş rayonunda cəmi 30 hektar sahədə pambıq əkilmişdi.