REGİONLAR
Ağdaşda qanvermə aksiyasında 230-dan çox könüllü iştirak edib
Ağdaş, 29 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Ağdaş rayonunda növbəti dəfə qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə sentyabrın 29-da Ağdaş rayon Mərkəzi Xəstəxanasında keçirilən humanitar aksiyada rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Aksiya çərçivəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək üçün müraciət edən vətəndaşları müayinə ediblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 230-dan çox vətəndaşdan qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.