REGİONLAR


Ağdaşda respublika müsabiqəsinin zona seçim turunda 6 rayonun xor kollektivi iştirak edib

Ağdaş, 21 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədilə uşaq xor kollektivlərinin IX respublika müsabiqəsi üçün zona seçim turları təşkil edilir.

AZƏRTAC xəbər verir ki, Habil Əliyev adına Ağdaş şəhər Musiqi Məktəbində keçirilən müsabiqəyə Qəbələ, İsmayıllı, Ağdaş, Göyçay, Ucar və Kürdəmir rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri qatılıb.

Xor kollektivləri müxtəlif xarakterli, iki və daha çox səsli əsərlər, o cümlədən bir əsər akapella, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini və xalq mahnıları ifa ediblər.

Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin IX respublika müsabiqəsi Ağdaş rayonu ilə yanaşı, zonalar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağcabədi, Bərdə rayonlarında da keçirilir. Aprelin 30-dək davam edəcək müsabiqəyə Azərbaycanın bütün bölgələrindən olan uşaq xor kollektivləri qatılacaq. Zona müsabiqələrinin qalibləri Bakıda keçiriləcək yekun turda iştirak edəcəklər. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom və fəxri fərmanlarla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.