SİYASƏT
Ağdaşda səsvermə prosesini veb-kameralar vasitəsilə onlayn izləmək mümkündür VİDEO
Ağdaş, 18 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Milli Məclisə təkrar seçkilərlə əlaqədar Ağdaş rayonunda 40 seçki məntəqəsindən 10-da veb-kameralar quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, veb-kameralar 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 2, 4, 5, 9, 10, 11, 13, 17, 20, 21 saylı seçki məntəqələrində quraşdırılıb. Ağdaş şəhərində yerləşən 5 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edən Gülər Hacıyeva AZƏRTAC-a bildirib ki, vətəndaşlar seçkidə fəal iştirak edirlər. Burada yerli müşahidəçilər səsvermə prosesini diqqətlə izləyir və hələlik heç bir qanun pozuntusuna rast gəlməyiblər.
“Məntəqəmizdə səhər saatlarından seçici sıxlığı müşahidə edilir. Seçicilər səsvermədə həvəslə iştirak edərək istədiyi namizədə səs verirlər. Artıq 3 saatdır ki, səsvermə prosesi şəffaf və demokratik şəkildə davam edir. İndiyədək seçki məntəqəsində 1359 seçicidən 512 nəfəri səsvermədə iştirak edib”, - deyə G.Hacıyeva deyib.