CƏMİYYƏT
Ağdaşda tolerantlıq mövzusunda mühazirə oxunub
Bakı, 21 noyabr, AZƏRTAC
Ağdaşdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda “dəyirmi masa” keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin tədris-metodik mərkəzi direktorunun müavini, dosent Oruc Məmmədov “Dövlət orqanlarında tolerantlıq prinsiplərinin həyata keçirilməsinin hüquqi təminatları” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, demokratik vətəndaş cəmiyyəti quruculuğu, informasiya cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət idarəetmə sisteminin əsaslı dəyişdirilməsi, bu sahədə məqsədyönlü islahatların davamlı həyata keçirilməsi zərurətini yaradır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin multikulturalizm və tolerantlıq prinsiplərinin hüquqi mahiyyətini özündə ehtiva edən dəyərli mülahizələri böyük əhəmiyyət daşıyır.
Tolerantlığı müxtəliflikdə harmoniya kimi dəyərləndirən O.Məmmədov onun sülhün əldə olunmasına, bilik, ünsiyyət, fikir, vicdan və etiqad azadlığına imkan yaradan xüsusiyyətlərindən söhbət açıb.