REGİONLAR
Ağdaşın Aral-1 kəndinin birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri bu təhsil ocağının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini, eləcə də bu il ilk dəfə birinci sinifə gedən şagirdləri, müəllimləri təbrik ediblər. Natiqlər ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan danışıb, Heydər Əliyev Fondunun dəstəyi ilə və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illər ərzində Ağdaşda yeni məktəb binalarının tikildiyini, mövcud binaların əsaslı təmir olunduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, 220 şagird yerlik Aral-1 kənd tam orta məktəbi Təhsil Nazirliyinin sifarişi ilə müasir üslubda inşa edilib və lazımi avadanlıqla təmin olunub. Hazırda dövlət vəsaiti hesabına Ağdaşın Tofiqi kəndində 220, Qarağan Şıxlar və Qulbəndə kəndlərində 180, Ərəb Şəkili kəndində isə 80 şagird yerlik məktəb binalarının inşası davam etdirilir.
Tədbirdə müəllimlər, kənd ağsaqqalları çıxış edərək təhsilin inkişafına göstərdiyi qayğıya görə ölkəmizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.