REGİONLAR
Ağdaşın kəndlərində çəltik əkininə başlanılıb
Ağdaş, 4 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu günlərdə Ağdaşın kəndlərində çəltik əkininə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Nəvətava, Hapıtlı kəndlərində artıq 5 hektar sahədə çəltik əkini aparılıb. Əkin prosesinin mayın 20-dək başa çatdırılması nəzərdə tutulur. Ağdaşda ötən il 680 hektar sahədə çəltik yetişdirilmişdisə, cari ildə 800 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur. Kəndlilər hər hektardan 60-80 sentner məhsul götürəcəklərinə ümid edirlər. Çünki ötən həftə səpilən toxumun bitmə vəziyyəti və suyun bolluğu bunu deməyə əsas verir. Bu il rayondakı çəltik sahələrindən təxminən 3 min ton məhsulun yığılması gözlənilir. Kəndlilər məhsul yığımına sentyabrda başlayacaqlar.
Ağdaşda çəltik yetişdirmək kəndlilərin dolanışığına müsbət təsir edir. Ona görə də rayonda bu məhsulun istehsalına olan maraq ildən-ilə artır. Çəltik əkilən sahələrin ötən illə müqayisədə bu il təxminən 100 hektar genişlənməsi buna əyani sübutdur.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Fərhad Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, sentyabr ayında çəltik yetişdikdən sonra kombaynla yığılaraq ondan düyü hazırlanır. Rayonun 15 kəndində yetişdirilən çəltik Ağdaşda fəaliyyət göstərən 8 düyü dəyirmanında emal olunur. Kəndlilər ötən il rayonda 680 hektar sahədən 2150 ton məhsul toplayıblar. Ağdaşda yetişdirilən çəltiyin düyüsü respublikanın rayonlarında istehlakçılara satılır. Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsinin bir müsbət xüsusiyyəti də var ki, çəltik torpaqların şoranlaşmasının qarşısını alır. Belə ki, çəltik bol su ilə yetişir və daim suvarılan torpaqlar şoranlaşaraq məhv olmur, əksinə daha da məhsuldar olur.