REGİONLAR
Ağdaşlı bağbanlar heyva bağlarından bol məhsul götürəcəklərinə əmindirlər
Ağdaş, 27 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Dadlı heyvası ilə tanınan Ağdaş rayonunda fermerlərin bu sahəyə olan marağı ildən-ilə artmaqdadır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda havanın əlverişli olması və ağaclara lazımi aqrotexniki qulluq göstərilməsi bağlarda bol və təmiz məhsul əldə ediləcəyinə əminlik yaradır. Hazırda ağaclara aqrotexniki qulluq edilir, suvarma və meyvənin saf olması üçün dərmanlama işləri görülür. Kəndlilər ötən il bağlardan 2500 ton heyva yığıblar. Bu il isə əvvəlkindən 300 ton çox, yəni 2800 ton, hər hektardan orta hesabla 60-70 ton məhsul əldə olunacağına əmindirlər. Bağbanlar öz həyətlərindən heyvanın bir kiloqramını müştərilərə 1 manat 50 qəpiyə satırlar. Ağdaş heyvası yerli və xarici bazarlara çıxarılır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, əvvəllər heyvaçılıq rayonu kimi tanınan Ağdaşın bu meyvə ilə bağlı şöhrətinin bərpası üçün mühüm işlər görülür. Kəndli fermerlər və fərdi təsərrüfat sahibləri heyva bağlarını ildən-ilə genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul istehsal etməyə nail olurlar. Rayonda mövcud olan 1360 hektar meyvə bağının 340 hektarını heyva bağı təşkil edir. Bağbanlar ötən il 14, bu il isə 20 hektar sahədə yeni heyva bağı salıblar. Heyvaçılıq rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndində əhalinin əsas gəlir mənbəyi hesab edilir. Ağdaşlı bağbanlar heyvanın 15 sortunu (Bəhram, Cardam, Kamil, əppək, armudu, iyli, almalı, bardaq və s.) yetişdirirlər. Heyva ağacının yarpağından, çiçəyindən, meyvəsindən və çəyirdəyindən 10-a yaxın xəstəliyin müalicəsində istifadə edilir.