REGİONLAR


Ağdaşlı fermerlər pambıq yığımına başlayıblar

A+ A

Ağdaşda gələn il pambıq əkinlərinin 5 min hektara çatdırılması üçün istifadəsiz qalan bütün boş torpaqlar dövriyyəyə cəlb ediləcək

Ağdaş, 5 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunda pambıq yığımına başlanılıb. Bu il rayonun 25 kəndində 1154 hektar ərazidə çiyid səpini aparılıb və sahələrdə normal bitiş alınıb. Fermerlər yüksək məhsul götürmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstəriblər.

AZƏRTAC xəbər verir ki, ötən il rayonda cəmi 30 hektar sahədə pambıq əkini aparılmışdı. Bu il isə ötənilkindən 1124 hektar, yəni 38 dəfə çox pambıq əkilib və tarlalarda bol məhsul yetişdirilib. Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Yığım kampaniyasının oktyabrın ortalarınadək başa çatdırılması nəzərdə tutulur.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ağdaşda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin təcrübə və imkanlar var. 1981-ci ildə rayonda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı. Bu, Ağdaşın pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib. Pambıqçılığın inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələr, göstərdiyi hərtərəfli kömək artıq öz bəhrəsini verməkdədir.

Ağdaşda ötən illə müqayisədə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək gələn il 5 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün istifadəsiz qalan bütün boş torpaq sahələrinin əkinə cəlb edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.