İDMAN
Ağır atletika üzrə yığma komandamız təlim-məşq toplanışını davam etdirir
Bakı, 12 iyul, AZƏRTAC
Ağır atletika üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın növbəti təlim-məşq toplanışı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, millimiz iyunun 3-dən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında qarşıdakı yarışlara Asif Məmmədov və köməkçilərinin rəhbərliyi altında hazırlıq keçir. Komandanın əsas hədəfi sentyabrın 22-30-da Kosovoda keçiriləcək Avropa birinciliyi, həmçinin digər yarışlarda uğurlu çıxışdır.
Yığma həftədə 5 dəfə olmaqla gündə iki dəfə intensiv məşqlər keçir. Yeniyetmə atletlər bütün şəraitlə – qidalanma, vitaminizasiya, həkim nəzarəti ilə təmin olunublar.
Təlim-məşq toplanışının gedişatı barədə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Asif Məmmədov məlumat verib: “Hazırlıq üçün lazımi şərait yaradılıb. Komandamızda ab-hava yüksəkdir, çalışmalarımız istədiyimiz kimi gedir. Qarşıdakı yarışlarda uğurlu çıxış etmək istəyirik”.
Qeyd edək ki, toplanışın iyulun sonunadək davam etdirilməsi nəzərdə tutulub.