CƏMİYYƏT


Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirib

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə gəmiçiliyin “Lənkəran”, “Vadim Seyidov” “Gültəkin Əsgərova”, “Aura”, “Qaradağ-8”, “Qaradağ-4”, “Ramiz Hacıyev”, “Avior”, AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan “Vixr-5” və “Vixr-8” gəmiləri dərhal hadisə yerinə səfərbər ediliblər.

Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının “Xudafərin”, AXDG-BUE Caspian Alyansının “Caspian Pride” və “Caspian Provider” gəmiləri də cəlb olunublar.

Hadisə ilə əlaqədar “AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-in səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.