REGİONLAR


Ağstafa Sənaye Parkında tikinti işləri sürətlə davam edir

A+ A

Ağstafa, 27 sentyabr, Famil Quliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrdə sənaye məhəllələrinin yaradılması, iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda “Karvan-L” şirkətinin inşasına başladığı sənaye parkında tikinti işləri sürətlə davam edir.

Tikintinin mühəndisi Zaur Kərimov AZƏRTAC-a müsahibəsində bildirib ki, istehsal və emal müəssisələrini birləşdirən sənaye parkında inzibati binada son tamamlama işləri aparılır, ən müasir avadanlıq və qurğuların tikinti meydançasına gətirilməsi təmin edilib. Tikinti meydançasında metal konstruksiyadan quraşdırılmış istehsal və emal sahələrində, eləcə də yeni texnoloji idarəetməyə əsaslanan istixana kompleksinin quraşdırılmasında işlər sürətlə aparılır.

Ümumi dəyəri 12,5 milyon manat olan “Karvan-L Eko” Sənaye Parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəz emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur.

Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir.

Hazırda sənaye parkında aparılan tikinti işlərinə 150-dən artıq işçi qüvvəsi cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.