İDMAN
Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi VİDEO
Ağstafa, 18 may, Famil Quliyev, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən birinə çevrilən Ağstafa şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Heydər Əliyev prospektində qələbəlik idi. Hamı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdi.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarının məşəli mayın 18-də günün ikinci yarısında Ağstafa şəhərinə gətirildi. Fəal gənc, karateçi Namiq Həsənov həmyerlilərinin alqış sədaları ilə məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başladı. On məşəlçi 3120 metrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti, N.Nərimanov, S.Ağamalıoğlu, H.Arif küçələri ilə hərəkət etməklə Heydər Əliyev parkından keçərək Azərbaycan parkına gəldilər. Sonuncu yürüşçü – güləşçi Nemət İbrahimli parkdakı Gənclər Mərkəzinin qarşısında qurulan səhnəyə qalxaraq məşəli alovlandırdı.
Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları ilə rayon ictimaiyyətinə təqdim edildi. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı ağstafalıların bayram sevincini daha da artırdı.
Rayon sakini İbrahim Əliyev ilk Avropa Oyunları məşəlinin Ağstafa şəhərinə gətirilməsindən duyduğu sevinci AZƏRTAC–ın müxbiri ilə bölüşərək dedi: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Bu cür beynəlxalq yarışlara ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur. Özü də nəzərə alsaq ki, respublikamızın müstəqillik tarixi elə də çox deyil, o zaman bu Oyunların əhəmiyyəti daha da aydın olur. Fəxr edirəm ki, Azərbaycan kimi bir məmləkətimiz var. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.
Müəllimə Xəyalə Rüstəmova birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək dedi: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu Oyunlar sübut edir ki, Azərbaycan sürətli inkişaf yolundadır. Mədəniyyət beşiyi olan Azərbaycan qısa müddətdə “Eurovision” mahnı müsabiqəsinin qalibi kimi bu möhtəşəm musiqi bayramına ev sahibliyi etdi. Müstəqilliyini qazandığı gündən az müddət keçməsinə baxmayaraq, bu gün Azərbaycan ilk Avropa Oyunlarına da ev sahibliyi etməyə hazırlaşır. Bütün bunlar Azərbaycanın dünya birliyində artan nüfuzundan xəbər verir. Məmləkətimizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram”.