REGİONLAR
Ağstafa: ilk gündə səyyar “ASAN qatar”ın xidmətindən 200-dək sakin yararlanıb
Ağstafa, 29 mart, Famil Quliyev, AZƏRTAC
Dövlətimizin başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Səyyar “ASAN qatar” Qovlar şəhərindən sonra martın 28-dən Ağstafa şəhərində 15 gün müddətində vətəndaşlara xidmət göstərəcək. “ASAN qatar”ın xidmətlərindən Ağstafa ilə yanaşı Şəmkir, Tovuz və Qazax rayonlarının sakinləri də faydalana bilər. Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi Fəda Abbasov AZƏRTAC-a bildirib ki, səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 4 vaqondan ibarətdir. Elə ilk gün 188 sakin göstərdiyimiz xidmətlərdən yararlanıb. “ASAN qatar”a üz tutanlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları, eləcə də digər xidmətlərlə yanaşı, asan laboratoriyada qan analizləri üçün də müraciət edirlər.
Qeyd edək ki, səyyar “ASAN qatar” da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.