REGİONLAR
Ağstafa məktəbliləri ulu öndər Heydər Əliyev irsini dərindən öyrənirlər
Ağstafa, 27 noyabr, Famil Quliyev, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin on birinci sinif şagirdləri üçün açıq dərslər davam etdirilir.
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularına dair dərslər təcrübəli müəllimlər tərəfindən tədris olunur. Açıq dərslərdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir,
AZƏRTAC xəbər verir ki, noyabrın 27-də keçilən növbəti açıq dərsdə rayonun Köçəsgər, Həsənsu, Tatlı və Köhnəqışlaq kənd tam orta məktəblərinin 50 nəfər XI sinif şagirdi iştirak edib.
Şagirdlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələri dinləməklə yanaşı, dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablardan ibarət guşə ilə də tanış olublar.