REGİONLAR
Ağstafa məktəblisi: Tur-aksiyada maariflənməklə yanaşı, yeni dostlar da qazanırıq
Qəbələ, 24 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Ağstafa rayonundan qoşulmuşam. Bu ekskursiya şəxsən mənim həyatımda böyük hadisədir və tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək. Çünki bölgələrimizə səfər etmək hər deyəndə mümkün olmur. Mən bu tur-aksiyada maariflənməklə yanaşı, yeni dostlar da qazanıram və mənalı istirahət edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağstafa rayonu Kol Xəlifəli kənd orta məktəbinin X sinif şagirdi Katya Vəliyeva deyib.
O, tur-aksiya çərçivəsində mənalı istirahət etdiyini bildirib: “Qəbələ mənə xoş təəssürat bağışladı. Biz burada keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak etdik, rayonun keçmişi və bu günü barədə zəngin məlumat aldıq”.
Ekskursiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan Katya Vəliyeva onlara belə şərait yaratdığına görə şagird dostları adından dövlətimizin başçısına minnətdarlığını bildirərək deyib: “Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə biz məktəblilərə Azərbaycanın bölgələri ilə yaxından tanış olmaq fürsəti yaradıb. Bu baxımdan, tur-aksiyanın əhəmiyyəti olduqca böyükdür. Həm bölgələrimizin inkişafını əyani görür, biliyimizi artırır, yeni məlumatlar əldə edir, həm də dincəlirik”.