REGİONLAR
Ağstafa rayonunda Kür çayı üzərində tikilən körpünün inşası ilin sonunadək yekunlaşacaq VİDEO
Ağstafa, 21 fevral, Famil Quliyev, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisi davam edir. Körpülər Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşa edilir.
Ağstafa–Poylu–Gürcüstan dövlət sərhədi yolunun 17-ci kilometrliyində, Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində Kür üzərində tikilən körpü sürücülərin gediş-gəlişini xeyli asanlaşdıracaq. Belə ki, 120 il əvvəl inşa edilən köhnə körpünün həm istismar dövrünü başa vurması, həm də qəzalı vəziyyətdə olması avtomobillərin hərəkətində çətinlik yaradırdı.
Sürücü Faiq Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu yoldan tez-tez istifadə edirəm. Bu körpü eşitdiyimə görə qədimi körpüdür, qəzalı vəziyyətdədir. Həm də maşınlar birtərəfli hərəkət edir. Buna görə də bəzən 15-20 dəqiqə gözləməli olursan ki, qarşıdan gələn maşın keçsin. Yeni körpüdə yol ikitərəfli olduğuna görə avtomobillərin hərəkətində çətinlik yaranmayacaq”.
Mühəndis Mahir Göyüşov bildirib ki, körpünün tikintisi bu ilin sonunda yekunlaşacaq.
Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa edilir. Kür çayı üzərində inşa edilən körpünün uzunluğu 184,7 metr, Ağstafaçay üzərindəki körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki tikilinin uzunluğu 66 metrdir. Tikintisi yekunlaşmaq üzrə olan dəmir yolu üzərindəki körpünün uzunluğu isə 34 metrdir. Hazırda Kür çayı üzərində tikintisi davam edən körpüdə işlər bir qədər də sürətləndirilib.