REGİONLAR
Ağstafa rayonunun Sadıqlı kəndinə təbii qaz verilib
Ağstafa, 6 iyul, Famil Quliyev, AZƏRTAC
Ağstafa rayonunun Sadıqlı kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Oqtay Qarayev və başqaları çıxış ediblər. Bildirilib ki, Sadıqlı kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə, 41481 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 3298 nəfər, yəni 641 abonent ilk dəfə “mavi yanacaq”la təmin edilib.
Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Ağstafa rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq rayonun 39 yaşayış məntəqəsindən 36-na təbii qazın verilməsi təmin olunub.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.