REGİONLAR
Ağstafa rayonunun daha 3 yaşayış məntəqəsi qazlaşdırılıb
Ağstafa, 26 noyabr, AZƏRTAC
Ağstafa rayonunun Köçvəlili kəndinə, Soyuqbulaqlar və Həzi Aslanov qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik edib. Qeyd olunub ki, son illərdə respublikamızda sürətli sosial-iqtisadi inkişaf müşahidə edilir, ölkəmizdə mühüm enerji, nəqliyyat və yol infrastrukturu layihələri icra olunur, o cümlədən Ağstafa rayonunda tikinti-quruculuq və abadlıq işləri aparılır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına (2014-2018-ci illər) uyğun olaraq rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri də uğurla davam etdirilir. Bildirilib ki, cari ildə rayonun Kür çayının sol sahili deyilən ərazisində yerləşən yaşayış məntəqələrinin qazlaşması prosesinə start verilib. Son aylarda Saloğlu və Soyuqbulaq qəsəbələrinə qazın verilməsi təmin olunub.
Diqqətə çatdırılıb ki, Köçvəlili kəndi, Soyuqbulaqlar və Həzi Aslanov qəsəbələrinə qazın verilməsi ilə rayonun 34 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş olur. Bununla da rayonda qazlaşmanın səviyyəsi 87,0 faizə çatıb. Köçvəlili kəndində 22, Soyuqbulaqlar qəsəbəsində 33 və Həzi Aslanov qəsəbəsində isə 54 abonentə yeni sayğac və fərdi tənzimləyici quraşdırılıb. Köçvəlili kəndində 18906 p/m, Soyuqbulaqlar qəsəbəsində 2560 p/m və Həzi Aslanov qəsəbəsində 4870 p/m polietilen boru və dəmir boru ilə daşıyıcı və paylayıcı qaz xətti çəkilib.
Daha sonra tədbirdə çıxış edən kənd və qəsəbə sakinləri də yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə bütün sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Şəmkir RQİ-nin baş mühəndidsi M.Hüseynov və Milli Qəhrəman R.Alıcanovun qardaşı Ramiz Alıcanov kəndə təbii qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırıblar.