REGİONLAR
Ağstafada 200 hektar ərazidə yeni meyvə bağları salınacaq
Ağstafa, 14 iyul, Famil Quliyev, AZƏRTAC
İyulun 14-də Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə şura yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, şura iclasında rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyev hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, cari ilin altı ayı ağstafalılar üçün uğurlu olub. Belə ki, altı ayda Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1,4 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının həcmində 4,1 faiz, nəqliyyat xidmətində 4,6 faiz, rabitədə 2 faiz, ticarət sahəsində 15,8 faiz artım olub. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 6,3 faiz artıb.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilib. Yanvar-iyun ayları ərzində həyata keçirilən bir sıra tədbirlər nəticəsində 805 nəfər işlə təmin olunub.
Diqqətə çatdırılıb ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin 6 ayında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu da dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunub. Hazırda rayonda taxıl biçini davam etdirilir.
Ağstafa rayonunda yeni biznes layihələrinin həyata keçirilməsi, istehsal və emal müəssisələrinin yaradılması, eləcə də aqrar sahədə tədarük müəssisəsinin, soyuducu anbar komplekslərinin, istixanaların tikintisi məqsədilə rayondan kənarda yaşayan ağstafalı iş adamları ilə danışıqlar aparılır. Artıq rayonda “Karvan-EKO” sənaye parkının tikintisi işlərinə başlanılıb. Sənaye parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması üçün layihələndirmə işləri aparılır və torpaq sahəsinin ayrılması həyata keçirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri aparılır. Layihəyə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı, 30 min ton saxlama gücü olan taxıl anbarı, ümumi sahəsi 4 min kvadratmetr olan 3 toxum emalı anbarı, istehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodu, istehsal gücü saatda 5 ton olan çörək və çörək məmulatları zavodu, satış və eyni zamanda 200 nəfərə xidmət göstərən “Fas-food” iaşə xidməti daxildir.
Rayonda hesabat dövründə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülən işlər geniş təhlil olunub.
Nəzərə çatdırılıb ki, cari ilin altı ayında həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri bundan sonra da yüksək templə davam etdiriləcək.