CƏMİYYƏT


Ağstafada İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olunub

Bakı, 21 iyul, AZƏRTAC 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafada “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, din xadimləri, dini icma sədrləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısının birinci müavini Ramiz Tatarov bildirib ki, rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi, burada fəaliyyət göstərən dini icmalarla işin təşkili, dini ibadət və mərasimlərin keçirilməsi sahəsində mühüm təcrübə əldə edilib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə, eyni zamanda, məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi və dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi sahəsində Komitə tərəfindən həyata keçirilən silsilə tədbirlərin əhəmiyyətinə toxunub. Səyyad Salahlı həyata keçirilən tədbirlərin və layihələrin əsas məqsədinin yeniyetmə və gənclər arasında dini maarifləndirmə işinin aparılması olduğunu vurğulayıb.

Digər çıxışlarda ölkə rəhbərliyi səviyyəsində İslama, onun mübarək bayramlarına yüksək hörmətin olduğu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığı qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.