REGİONLAR
Ağstafada Respublika Günü qeyd olunub
Ağstafa, 27 may, AZƏRTAC
Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq, Respublika Gününün əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Xalq Cümhuriyyəti qısa müddətdə həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrilib. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə müsəlman Şərqində ilk demokratik respublika olub. Azərbaycanda dövlətçilik ənənələri zamanın hər bir dönəmində yaşadılıb və inkişaf etdirilib. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqilliyin bərpa edildiyi ilk illərdə qarşıya çıxan maneələr dəf edilib.
Qeyd olunub ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başlandı. Bu mərhələ müstəqilliyin qorunub saxlanılması və inkişaf etdirilməsi, balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətləri xalqın mənafeyinə yönəltmək kimi ali prinsipləri ehtiva edib. Bu uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursu nəticəsində daha da gücləndirilib.