REGİONLAR
Ağstafada Xalq Şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub
Ağstafa, 20 iyun, Famil Quliyev, AZƏRTAC
Ağstafa şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Xalq Şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qeyd edib ki, dramaturq, nasir, publisist Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Ağstafada anadan olub. Ulu Öndərin qayğısı ilə 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru təyin olunan Nəriman Həsənzadə 1990-cı ilədək bu vəzifədə çalışıb. Həmçinin Azərbaycan yazıçılarını keçmiş SSRİ məkanında təmsil edən Ədəbiyyat Fondunun da rəhbəri olub. Prezident İlham Əliyevin sərəncamları ilə N.Həsənzadəyə 2005-ci ildə “Xalq Şairi” fəxri adı verilib, 2011-ci ildə “Şərəf” ordeni ilə təltif olunub, Prezidentin fərdi təqaüdünə layiq görülüb. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli şairə Heydər Əliyev mükafatı verilib.
Tədbirdə akademik Teymur Bünyadov, Milli Məclisin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, elmlər doktoru İlham Pirməmmədov, professor İbrahim Quliyev və başqaları çıxış edərək, şairin həyat və yaradıcılığından danışıblar.
Nəriman Həsənzadə hər zaman göstərilən yüksək diqqət və qayğıya görə ulu öndər Heydər Əliyevə, onun davamçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlığını bildirib.
Yubiley tədbiri konsert proqramı ilə yekunlaşıb.