REGİONLAR
Ağstafada ölkəmizdə və xaricdə ali təhsil alan tələbələrlə görüş keçirilib
Ağstafa, 12 avqust, Famil Quliyev, AZƏRTAC
Ölkəmizdə gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu siyasətin başlıca məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ağstafa Rayon İcra Hakimiyyətində ölkəmizdə və xaricdə ali təhsil alan ağstafalı tələbələrlə görüşdə səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ölkəmizin uğurlu daxili və xarici siyasətindən, sürətli və dinamik sosial-iqtisadi inkişafından, yaradılmış davamlı ictimai-siyasi sabitliyindən, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illərdə Ağstafada həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb.
Rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov çıxışında qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən strategiyasının nəticəsidir.
Tədbirdə çıxış edən gənclər arzu və təkliflərini səsləndiriblər. Müxtəlif ölkələrdə və təhsil ocaqlarında təhsil alan gənclər bu gün Azərbaycanın inkişafından qürur duyduqlarını və bu cür görüşlərin dövlətin gənclərə qayğısının təzahürü olduğunu bildiriblər.