REGİONLAR
Ağstafada qışa hazırlığın vəziyyəti müzakirə olunub
Ağstafa, 2 sentyabr, AZƏRTAC
Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında qışa hazırlığın vəziyyəti müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, şura iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun qışa hazırlığı sahəsində görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Qeyd olunub ki, sakinlərin qaz, işıq və içməli su təminatında heç bir problem olmamalı, havaların soyuması kommunal və xidmət təşkilatlarının işində fasilələr yaratmamalıdır.
Bildirilib ki, ötən aylar ərzində rayon icra hakimiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında giriş bloklarının qapı və pəncərələrinin təmiri və dəyişdirilməsi, blokların əsaslı təmiri, yaşayış binalarının dam örtüklərinin yenilənməsi kimi zəruri addımlar atılıb, bir neçə binada istilik sistemi yaradılıb. Şəhərin mərkəzi küçələrinin asfalt örtüyünün və səkilərin əsaslı və cari təmiri işləri aparılıb, içməli su təchizatı və kanalizasiya sistemi diqqət mərkəzində saxlanılıb. Bundan başqa, rayonun qəsəbə və kəndlərinin qazlaşması sahəsində ardıcıl tədbirlər görülüb. Son günlərdə daha iki kəndə qaz verilməsi təmin edilərək rayonun qazlaşması 80 faizə çatdırıləb. İlin sonunadək qazlaşmanın 100 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib və bu istiqamətdə tikinti quraşdırma işləri davam etdirilir.
Rayon mərkəzindəki çoxmənzilli binaların, eləcə də qəsəbə və kəndlərin içməli su təminatı ilə bağlı görülən işlərin hələ yetərli olmadığı və bu sahəyə diqqətin artırılmasının vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda, yaşayış binalarının mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilməsi istiqamətində də işlərin sürətləndirilməsi məqbul sayılıb.
Şura iclasında müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənilib, qarşıda duran vəzifələrin həlli ilə əlaqədar onlara konkret tapşırıqlar verilib.