REGİONLAR
Ağstafada taxıl və un məmulatları kombinatının tikintisi davam edir
Ağstafa, 19 iyul, AZƏRTAC
Azərbaycan Respublikasında sahibkarlığa göstərilən dövlət dəstəyi və yaradılan əlverişli biznes mühiti ölkəmizin hər yerində olduğu kimi Ağstafa rayonunda da bazar iqtisadiyyatının tələblərinə cavab verən və müasir texnologiyalarla təmin edilən istehsal və emal müəssisələrinin yaradılmasına imkan verir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” ASC-nin ikinci mərhələsini təşkil edən taxıl və un məmulatları kombinatının tikinti işləri sürətlə davam edir.
Layihənin ümumi dəyəri 53,2 milyon manatdır. Layihəyə, həmçinin 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı, 30 min ton saxlama gücü olan taxıl anbarı, ümumi sahəsi 4048 kvadratmetr olan toxum emalı müəssisəsi, istehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodu, istehsal gücü saatda 5 ton olan çörək və çörək məmulatları zavodu, marketinq, satış və eyni zamanda, 200 nəfərə xidmət edən “Fas-food” iaşə xidməti sistemi daxildir. Layihə çərçivəsində 105 nəfər işlə təmin ediləcəkdir.
Ağstafa taxıl və un məmulatları kombinatı layihəsinə daxil olan toxum emalı müəssisəsinin tikinti işləri başa çatmaq üzrədir. Layihəyə daxil olan digər istehsal və emal müəssisələrinin tikinti işləri sürətləndirilib.
Tikinti işlərinin mərhələlərlə payız aylarında yekunlaşması nəzərdə tutulur.