REGİONLAR
Ağstafalı fermer: Kartof əkini sahələrində məhsuldarlıq keçən ilə nisbətən 20-30 faiz çoxdur VİDEO
Ağstafa, 6 iyul, Famil Quliyev, AZƏRTAC
Ağstafada kartof yığımına start verilib. Torpaq sahibləri elə ilk yığımdan nikbindirlər. Məhsulun bol olması onları növbəti mövsümdə kartof sahələrini artırmağa həvəsləndirir.
Vaxtında aparılan aqrotexniki qulluq, fermerlərin torpağa bağlılığı və bu sahəyə göstərilən dövlət qayğısı elə yığılan məhsulun bolluğundan müşahidə olunur. Torpaq sahiblərinin üzü gülür, çünki bu il sahələrdən ötən ilkindən xeyli çox kartof götürülür. Əvvəllər əsasən qərb bölgəsində Tovuz və Gədəbəydə kartof becərilirdisə, indi qonşu rayonlarda da bitkinin kütləvi becərilməsi həyata keçirilir. Ağstafada da kartofçuluq üzrə ixtisaslaşma gedir və təsərrüfatçıların bu sahədə təcrübəsi, səriştəsi getdikcə artmaqdadır. Qırılı kəndində traktorla yığımı aparılan kartof da həm məhsuldarlığı, həm də keyfiyyəti ilə seçilir.
Təsərrüfat sahibi Ülfət Zeynalabdıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Beş hektara yaxın sahədə kartof əkmişik. Keçən ilə nisbətən bu il məhsuldarlıq 20-30 faiz çoxdur. Ötən il hektardan 20 ton məhsul götürmüşdüksə, bu il 30 tona çatır. Gələcəkdə əkin sahələrini 10 hektara çatdıracağıq.”
Məhsul əl ilə yığıldıqda itkiyə məruz qalırdısa, indi bu proses texnikalarla həyata keçirilir. Kartofun satışında da problem yoxdur. Fermerlər elə sahədə alıcılar ilə sövdələşib məhsullarını satırlar. Eyni zamanda, yerli və paytaxt bazarlarına da satış üçün kartof göndərilir. Qeyd edək ki, vaxtilə bəzi sahələrdə kartof dəmyə üsulu ilə becərilirdi və məhsul da əldə etmək çətin olurdu. İndi isə müasir texnologiya - yağış yağdırma üsulu ilə kartof becərilir və məhsuldarlıq da sahibkarların ürəyincədir. Suvarmada çətinliyin yaşanmaması sonda məhsulun bolluğuna səbəb olur. Bu da fermerləri torpağa bağlayır, onların növbəti ildə daha geniş sahələrdə bu bitkinin becərilməsinə maraq yaradır.